Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər.
Araşdırmanın nəticələri "PLOS ONE" jurnalında dərc olunub.
Vaşinqton Dövlət Universitetinin alimləri bir sıra hallarda ürək xəstəliyi riskini qiymətləndirmək üçün OpenAI-nin çatbotundan istifadə ediblər. Xidmət vasitəsilə on minlərlə simptom təsvirini işlətdikdən sonra mütəxəssislər çatbotun bu vəzifənin öhdəsindən gəlmədiyini görüblər: o, tez-tez səhvlərə yol verir və özü ilə ziddiyyət təşkil edir.
Tədqiqatın müəllifi Thomas Hestona görə, sinə ağrısı ürək xəstəliyinin ən mühüm simptomudur. Bu məlumatlara əsasən, həkimlər riskləri qiymətləndirir və xəstəliklərə diaqnoz qoyurlar. Bununla belə, araşdırmada ChatGPT tez-tez eyni xəstələri fərqli qiymətləndirib. Heston qeyd edib ki, bu, çatbotun hazırkı versiyasında təyin olunan təsadüfilik səviyyəsi ilə bağlı ola bilər.
Eyni zamanda, Heston süni intellekt (AI) vasitələrinin tibbdə faydalarına hələ də inandığını bildirib. Həkim deyib ki, ChatGPT differensial diaqnostikada əla nəticələr göstərib.
Oxunub: 78