Əlverişsiz hava şəraiti düyü bazarında növbəti qiymət artımlarına səbəb olub.
Düyünün bahalaşması ötən ildən müşahidə edilir. Ötən il Hindistanın ixraca məhdudiyyət tətbiq etməsi və düyü yetişdirilən ölkələrdə quraqlığın yaranması bahalaşma ilə nəticələnib. Bu amillərlə yanaşı Braziliyanın cənubunda dağıdıcı daşqınların yük daşımalarında çətinlik yaratması da qiymətlərin artması yönündə təsir göstərir.
Sadalanan səbəblərlə əlaqədar Asiya bazarında düyü qiymətləri aprelin əvvəlindən 71 dollar artaraq bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ilin ən yüksək qiymətidir.
Düyü Asiya və Afrikada milyardlarla insanın istehlak etdiyi əsas qida məhsullarından biridir. Bu məhsulun bahalaşması dünyada xeyli sayda insanın düyü ilə təminatını çətinləşdirəcək.
Azərbaycanda da düyünün qismən bahalaşması müşahidə edilir. Xarici bazarlarda baş verin qiymət artımları, yəqin ki, tezliklə Azərbaycan bazarına da sirayət edəcək.
Oxunub: 155