Azərbaycanda nə baş verdi, niyə proqnozlar doğrulmadı


Bu ilin 3 ayı ərzində Azərbaycan əhalisi 9016 nəfər artıb, sayımız 10.189.786-ə çatıb. Bu o deməkdir ki, 2024-cü ilin sonu üçün artım orta hesabla 36 min nəfər olacaq.


Azərbaycan ən çətin dövrlərində, iqtisadi gərginlik zamanı, çörəyin növbəli vaxtlarında, ərazisi işğalda olanda belə ölkədə illik əhali artımı bundan ən azı iki dəfə çox idi.


Statistikaya baxaq: 2001-ci ildə (bütün rəqəmlər 1 yanvara aiddir – red.) 82 min, 2002-də 77 min, 2003-də 78 min, 2004-də 70 min, 2005-də 98 min, 2006-də 104 min, 2007-də 113 min, 2008-də 113 min, 2009-da 117 min, 2010-da 101 min, 2011-də 114 min, 2012-də 124 min, 2013-də 121 min, 2014-də 121 min, 2015-də 116 min, 2016-da 112 min, 2017-də 105 min artım qeydə alınıb. Yəni 2001-ci ilə qədər artan artım dinamikası aşağı-yuxarı, 2017-ci ilə qədər davam edib və 100 minin üstündə olub.


Yalnız 2018-ci ildən başlayaraq Azərbaycanda artım tempi 100 minin altına düşüb – 2018-də 88 min, 2019-da 83 min, 2020-də 93 min, 2021-də 54 min, 2022-də 37 min, 2023-də 64 min, 2024-də isə 53 min artım qeydə alınıb. Bu ilin sonuna isə - yəni 1 yanvar 2025-ci ilə - dediyimiz kimi, 36 min artım gözlənilir.


Yaxşı, nə baş verdi ki, 2018-ci ildən azalmağa başlayan artım sayı 2021-dən sürətləndi və il keçdikcə ciddi şəkildə enmə davam edir.


Halbuki Beynəlxalq Valyuta Fondunun (IMF) 2021-ci il hesabatında Azərbaycan əhalisinin sayının 2022-ci ildə 10,345 milyona, 2023-cü ildə isə 10,469 milyona çatması proqnozlaşdırılırdı.


Əvəzində 2024-ün 1 apreli üçün sayımız 10.189.786-dir.


Daha maraqlı bir göstərici də var: 2000-ci ildə şəhər əhalisi 51,1%, kənd əhalisi 48,9% idisə, 2024-ci ilin 1 yanvarına bu rəqəm 54,5% və 45,5%-dir.


Kənd əhalisi sürətlə azalır, şəhər əhalisi artır və əhalinin illik artım faizi də enir, həm də qorxulu səviyyədə.


Belə çıxır ki, bir neçə ildən sonra Azərbaycanda əhali sayının azalmasını görəcəyik.


Bu, həyəcan olmalıdır.


Xatırlayıram ki, biriləri bir neçə il öncə Azərbaycanda əhalinin sürətli artımından narahatlığını ifadə etmişdi.


Məncə, əhalinin sürətli artımından yox, azalmasından narahat olmalıyıq. Bizim Cənubi Qafqazın lider ölkəsi olmağımın səbəbi həm də əhali sayıdır.


Necə ola bilər ki, 10 milyondan çox əhalinin də illik artımı 35 min civarında olsun, 2 milyonluq Ermənistanın da?


Oxunub: 61





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.