İzahedilməz çəki itkisi təhlükəli xəstəliyin əlaməti ola bilər

Harvard Universitetindən olan alimlər aşkar ediblər ki, orta yaşda izahedilməz çəki itkisi onkoloji xəstəliklərin bir neçə növü ilə bağlı ola bilər.

Qobustanxeber.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “The Journal of the American Medical Association”də (JAMA) dərc olunub.

Çəki itkisi xərçəngin yaxşı bilinən əlamətidir. Bədən kütləsinin azalması iştahanın aşağı düşməsi, eləcə də onkoloji xəstəliklər nəticəsində pasiyentlərdə əmələ gələn maddələr mübadiləsi pozulması – kaxeksiya nəticəsində baş verir, orqanizmin zəifləməsinə gətirib çıxarır. Bununla yanaşı, bu prosesi hansısa onkoloji xəstəliyin əlaməti kimi dəyərləndirməkdən ötrü konkret dövr ərzində insanın neçə kiloqram itirə biləcəyi dəqiq məlum deyil.

Harvard tibb məktəbindən olan elmi kollektiv çəki itkisi ilə hansısa növ onkoloji xəstəliklərin inkişafı arasında korrelyasiyanın mövcudluğunu araşdırmaq üçün tibb bacılarının və tibb işçilərinin məlumat reyestrini tədqiq ediblər. Tədqiqatda ümumilikdə yaşı 40-dan yuxarı 157474 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçıların səhhəti barədə məlumatları, eləcə də onların boy və çəkisini qeyd ediblər. Onların müşahidə müddəti orta hesabla 28 il təşkil edib. Bu dövr ərzində 15809 nəfərdə xərçəng xəstəliyi aşkarlanıb. Bədən çəkisi ölçüldükdən sonra xəstəlik aşkarlanan iştirakçıların 15 faizi bədən çəkisinin 5 faizini itirib, daha 5 faiz isə (iştirakçı) 10 faiz yüngülləşiblər. Çəki itirən iştirakçılar arasında daha çox aşkarlanan mədə-bağırsaq traktının yuxarı şöbələrinin, qaraciyərin, öd yollarının və mədəaltı vəzinin şişləri olub.

Alimlərin hesablamalarına görə, bədən çəkilərinin 1 faizdən çoxunu itirən 40 yaşdan yuxarı tibb işçilərində xərçəngə tutulma ehtimalı eyni çəkini qoruyub saxlayanlarla müqayisədə bir ildən sonra 57 faiz yüksək olub.

Tədqiqatçılar onu da aşkarlayıblar ki, xərçəngin bir çox başqa növləri, o cümlədən süd vəzisi, sidik yolları, baş beyin xərçəngi və melanoma çəki itkisi ilə əlaqəli olmayıb.


Oxunub: 61





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.