2024-cü ildə Parisdə bu sərgiləri ziyarət etməyə dəyər

Odri Höpbern “Sabrina” filmində canlandırdığı qəhrəmanın adından deyirdi: “Paris, həmişə yaxşı ideya”... Fransa paytaxtı 2024-cü ilin qışında və yazında təqdim etdiyi təsviri sənət sərgiləri ilə bu sözlərin doğruluğunu təsdiqləyir.

Pikassonun vəfatının 50 illiyi ilə əlaqədar Lüksemburq muzeyi XX əsrin iki məşhuru – Pablo Pikasso və Gertruda Staynın qeyri-adi dostluq tarixçəsinə həsr olunmuş böyük sərgi təşkil edib.

Onların yaxınlığını və ixtiraçılıq qabiliyyətini nəzərdən keçirən sərgi Anri Matiss, Xuan Qris, Marsel Düşan, Ed Ruşa, Casper Cons, Endi Uorhol, Brüs Nauman, Karl Andre, Cozef Koşut, Roni Horn, Hanne Darboven, Qlenn Liqon, Con Keyc, Stiv Rayx, Bob Uilson və Filip Qlass kimi əsas adamlar vasitəsilə sənət, poeziya, musiqi, teatr yüzilliyini açır.

Sərgi 2024-cü il yanvarın 28-dək fəaliyyət göstərəcək.

D’Orse muzeyi Van Qoqun Over-sür-Uazda həyatının son aylarında çəkdiyi əl işlərinə həsr olunmuş sərgi təqdim edir. Sərgi Van Qoqun həyatının kədərli olduğu qədər yaradıcı olan dövrünü tədqiq edir. Hələ heç bir sərgi onun karyerasında bu həlledici dövrə tam aid edilməmişdi. O, iki ay ərzində azı 74 tablo və 33 rəsm, o cümlədən “Doktor Pol Qaşe”, “Over-sür-Uazda kilsə” və “Qarğalarla taxıl sahəsi” kimi tanınmış əsərləri yaradıb.

Sərgi 2024-cü il fevralın 24-dək açıq olacaq, eləcə də yanvarın 26-sı, 27-si və 28-i axşam saatlarında (ilkin razılaşmaya əsasən) fəaliyyət göstərəcək.

Pompidu Mərkəzi “Şaqal iş başında: rəsmlər, keramika və heykəllər” adlı kolleksiyanı təqdim edir.

Rəssam və qravürçü Mark Şaqal XX əsrin ən nüfuzlu və pərəstiş edilən rəssamlarından biri idi. Retrospektiv rəssamın 1945-1970-ci illərdə yaratdığı əl işlərinə həsr olunub. Bu, Şaqal yaradıcılığında zəngin və maraqlı dövr idi. Müasir İncəsənət Muzeyində 100-dən artıq əsər təqdim olunacaq.

Sərgi 2024-cü il fevralın 26-dək fəaliyyət göstərəcək.

Mark Rotko “Louis Vuitton” Fondunda geniş retrospektivin obyektinə çevriləcək. Buraya abstrakt üslubda yaradılan amerikalı rəssamın 115-dən artıq əsəri daxildir. İşlər müxtəlif kolleksiyalardan toplanıb ki, bu da rəssamın bütün yaradıcılıq yoluna nəzər salmaq fürsəti verir.

Sərgi 2024-cü il aprelin 2-dək davam edəcək.

“La Galerie Dior”da Mariya Qrasiya Küri bütün dünyadan olan qadın rəssamların tarixçəsindən söhbət açır. Qalereyanın yeni ekspozisiyası “Dior” Evi ilə qadın yaradıcılığı arasında əlaqələrdən xəbər verir. Burada fotorəssamlar Lilian Bassman, Maya Qoded, Bricit Lakomb, Sara Munun, rəssamlar Cudi Çikaqo, Yeva Jospen, Briciy Nidermayrın, sənaye dizayneri Konstans Qissenin və digərlərinin fotoları və instalyasiyaları təqdim olunur.


Oxunub: 44





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.