Türkiyə müdafiə sənayesi son 21 ildə nəhəng layihələrə imza atdı

Son 21 ildə Türkiyənin müdafiə sənayesi üzrə yerli istehsal nisbəti 20 faizdən 80 faizədək artıb. Ölkə bu dövr ərzində nəhəng layihələrə imza atıb.

Qobustanxeber.az Türkiyənin müdafiə sənayesi tarixinə nəzər salır.

Ötən il ölkədə müdafiə sənayesi sahəsində 850 fərqli layihə üzərində işlər aparılıb və ilin birinci yarısında 2 milyard 378 milyon ABŞ dolları həcmində gəlirlə ixracat rekordunu yeniləyib. Ümumilikdə isə 2023-cü ildə Türkiyə müdafiə sənayesi üzrə ixracatdan 5,5 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur. Ölkənin sahə üzrə gəlir rekordu 1,7 milyard dollarla “Baykar” şirkətinə məxsusdur. Türkiyənin 2023-cü ildə ən çox ixracat edən müdafiə və aerokosmik sənaye şirkətlərinin siyahısının ilk beşliyində “Baykar”la yanaşı, Türk Aerokosmik Sənayesi (864 milyon dollar), Maşınqayırma və Kimya Sənayesi A.Ş. (439 milyon dollar), “TEI-TUSAS” (337 milyon dollar) və “BMC Power” (255 milyon dollar) yer alır.

İl ərzində ən çox ixrac olunan məhsullar arasında pilotsuz uçuş aparatları, zirehli avtomobillər, dəniz vasitələri, silah sistemləri kimi bir çox texnikalar var. Ölkədə bu il üçün müdafiə sənayesi sahəsi üzrə hədəflənən gəlir məbləği isə altı milyard dollardır.

2023-cü ildə Türkiyədə elektron hərb sahəsi məhsulları, “Portativ Elektron Hücum Sistemi” layihəsi əsasında milli qaynaqlarla dizayn və istehsal edilən “MERTER” taktik elektron hücum sistemi, yeni “Altay” tankı, “Yörük” zirehli avtomobil, yeni nəsil toplar, “Kapqan” hərbi quru vasitəsi və 8X8 zirehli avtomobillərin ilk testləri həyata keçirilib. Habelə “ATAK-2” helikopteri, “Anka-3” “Bayraktar TB3”, “HÜRJET” kimi hərbi hava vasitələri də daxil olmaqla, bir çox layihənin təslimatı və ya ilk testləri olub.

Türk Aerokosmik Sənayesinin məhsullarının yerli və xarici istifadəçilərin inventarına daxil olması və əməliyyat şəraitində aktiv istifadə edilməsi onun beynəlxalq bazarda daha effektiv mövqe qazanmasına şərait yaradıb. Bundan əlavə, yeni layihələrin mühüm mərhələlərinin müsbət nəticələrlə başa çatması ilə yerli istehsalçı şirkətlər dünya miqyasında daha çox tanınmağa başlayıb. Milli döyüş təyyarəsi “KAAN”-ın ilk nümayişi, HÜRKUŞ təlim və tapşırıq təyyarələri, ANKA və AKSUNGUR pilotsuz uçuş sistemləri, təkmilləşdirilmiş yerli PUA və helikopterlərin ilk uğurlu uçuşu kimi mühüm irəliləyişlər dünya bazarının diqqətini çəkib. Texnoloji inkişaflara paralel olaraq məhsul müxtəlifliyinin artırılması, müştəri təklifi əsasında dəyişikliklərin edilməsi və strateji tərəfdaşlıqların qurulması ixracın artmasına əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Orijinal məhsullarla yanaşı, modernləşdirmə imkanları, təklif olunan fərqli təlim proqramları, müştərilərlə sahə səfərlərinin artması, sınaq və qiymətləndirmə fəaliyyətləri, xarici universitetlərlə təcrübə mübadilələri, “Mühəndis İnkişaf Proqramı”nın xarici müştərilərə təklif olunması da Türkiyənin sahə üzrə uğuruna töhfə verib. Bu məhsulların Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, ixrac olunan ölkələrdə də aparılan əməliyyatlarda effektiv nəticə verməsi, Türkiyənin diplomatik və ticari baxımdan aktiv olduğu bölgələrdə əlaqələrinin dərinləşdirilməsi də ixracın artmasını şərtləndirən əsas amillərindəndir.


Oxunub: 52





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.