“Rusiyanın neft emalı sahəsi ciddi çağırışlarla üzləşib və bu problemlər yayda ölkədə benzin qıtlığına səbəb ola bilər”.
Bu barədə Rusiyanın Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat departamentinin rəhbərinin müavini Sergey Kondratyevin “Forbes” jurnalında nəşr edilən məqaləsində deyilir.
Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir.
Belə ki, burada əsas amil xarici ölkədən alınan avadanlıqların çatışmazlığıdır. O əlavə edib ki, ölkə zavodlarına pilotsuz uçuş aparatları ilə hücumların edilməsi də müəssisələrə dəyən zərəri artırır.
“Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Lakin təmir və modernləşdirilmə ilə bağlı problemlərə görə, yayda ölkə bazarında benzin qıtlığı yarana bilər”, -deyə Kondratyev bildirib. O vurğulayıb ki, ölkə zavodları idxal olunan avadanlıqlardan əhəmiyyətli dərəcədə asılıdırlar.
Oxunub: 88