“COVID-19 artıq səhiyyə sahəsində qlobal fövqəladə hadisə olmasa da, virus hələ də mutasiya edir və öldürür”.
Qobustanxeber.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müxtəlif mənbələrdən əldə edilən məlumatlar keçən ilin dekabrında COVID-19- yoluxma hallarının artdığını göstərir və bu, bayram dövründə izdihamın olması, eləcə də “JN.1” ştammının yayılması ilə bağlıdır.
“Dekabr ayında ÜST COVID-19-dan təqribən 10 min ölüm faktını qeydə alıb, noyabr ayı ilə müqayisədə xəstəxanaya yerləşdirilmələr 42%, reanimasiya şöbəsinə qəbullar isə 62% artıb. Lakin bu tendensiyalar sayı 50-dən az olan ölkələrin, əsasən Avropa və Amerika ölkələrinin məlumatlarına əsaslanır. Ancaq aydındır ki, digər ölkələrdə də artım olub, sadəcə, hələlik məlumat verilməyib”, - o bildirib.
ÜST baş direktoru həmçinin COVID-19-a qarşı ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
“Ayda 10 min ölüm pandemiyanın pik nöqtəsindəki səviyyədən xeyli aşağı olsa da, bu qarşısı alına bilən ölüm səviyyəsi qəbuledilməzdir”, - o bildirib.
Qebreyesus hökumətləri epidemioji nəzarəti və ardıcıllığı davam etdirməyə, əlverişli və etibarlı testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə çağırıb.
“İnsanları peyvənd olunmağa, testlərdən keçməyə, zəruri hallarda maskalar taxmağa, izdihamlı yerlərdə yaxşı havalandırılmanın təmin edilməsinə çağırırıq”, - ÜST rəhbəri söyləyib.
Oxunub: 33