2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan iqtisadiyyatında 5 faiz real böyümə qeydə alınıb.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin dövrdə ölkəmizdə 18 milyard 577 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ÜDM artımı qeyri neft-qaz sektorunun hesabına baş verib. Qeyri neft-qaz sektorunda ÜDM istehsalının həcmi 10,1 faiz artıb. Neft-qaz sektorunda isə əksinə istehsal 0,7 faiz azalıb.
Qeyri neft-qaz sektorunun iqtisadiyyatda payının çox olması, həmçinin burada böyümə sürətinin yüksək olması hesabına ümumən ÜDM istehsalında artım qeydə alınıb.
2024-cü ildə iqtisadiyyatda artımın böyük olmasına əsas kapitala sərmayə qoyuluşunun real dəyərində nəzərəçarpacaq artımın olması da kömək edib.
Bu ilin yanvar-fevral aylarında əsas kapitala 2,64 milyard manat məbləğində sərmayə qoyulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox vəsait deməkdir. 2024-cü ildə neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artıb.
Oxunub: 151