Qobustan Rayon İcra Başçısının Özbaşınalığı

Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan rayon sakini jurnalist baş redaktor Beyrək Hüseynovu məhkəməyə verərək 100 000 (yüz min!) manat təzminat davası açıb. Məlumat üçün deyək ki, jurnalistlə rayon başçısı arasındakı ziddiyyət jurnalistin sosial şəbəkə hesablarında paylaşımları əsasında baş verib. Beyrək Hüseynov ümumilikdə ölkədə və rayonda olan korrupsiya hallarından bəhs edib, sətiraltı sarkazmlar edərək çıxışlar edib. Baxmayaraq ki, paylaşımda hər hansı bir qurum, şəxs, idarə adı çəkilməyib.
Qobustanxeber.az xəbər verir ki, Adil müəllimin rayondakı yarıtmaz fəaliyyəti ilə bağlı tez-tez sosial şəbəkələrdə tənqidi materiallara rast gəlinir. Görünür icra başçısı rayondakı fəaliyyətindən çox narahatdır ki, bununla bağlı dəfələrlə rayonda keçirilən əhəmiyyətli şəhid tədbirlərində sosial şəbəkənin nə olduğunu bilmədiyini, haqqında paylaşım edənləri cəmiyyət içərisində nümayişkarənə şəkildə açıq-aşkar təhqir edir. Buna görə də icra hakimiyyəti adi bir sosial şəbəkə şərhini, sətiraltı sarkazm ifadələri öz üzərinə götürərək jurnalistdən 100 000 manat tələb edir. 
Cəmiyyətdəki problemləri işıqlandırmaq, təhqir etmədən, sağlam tənqidlə, istər sarkazmla, istər satira ilə bunu ifadə etmək jurnalistin peşə borcudu. Beyrək Hüseynov da jurnalist kimi cənab Prezidentin çağırışına hay verərək bunu edir. Axı Prezidentimiz dəfələrlə çıxışlarında vətəndaşlara müraciət edərək bildirir ki, mənə yerlərdəki naqisliklərdən məlumatlar verin, siqnallar ötürün. Ölkə başçısı bunu deyirsə, jurnalist də bu tapşırıqdan irəli gələrək problemləri işıqlandırırsa, rayon başçısının söz azadlığına təziq göstərərək jurnalisti məhkəməyə verməsi cənab Prezidentə qarşı çıxması deyilmi? 
Onu da deyək ki, Beyrək Hüseynov özü də Qobustan rayonu üçün yad insan deyil. O, bu rayonda doğulub, boya-başa çatıb. Dəfələrlə Qobustanda rayon rəhbərliyinin birbaşa iştirakı ilə şəxsi vəasiti hesabına şəhid ailələrinin könüllərini xoş etmək üçün bayram və anım tədbirlər təşkil edib. Pandemiyanın kəskin dövürlərində rayonun aztəminatlı sakinlərinə dəfələrlə yardımlar edib. Rayon rəhbərliyi bu addımları dəyərləndirmək, bu addımları dəstəkləyərək, digər sakinlərinə də bunu nümunə göstərmək, stimul vermək əvəzinə tam əks addımlar atır.
Hər şey bir yana, axı Azərbaycan Respublikasının Konstitusiyasının da 47-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın fikir və söz azadlığı var. Təbii məsələdi ki, rayon başçısının konstitusiyanın vətəndaşa verdiyi haqqı hansısa vasitələrlə əlindən almaq ixttiyarı yoxdu. 
Bəli, heç kimə sirr deyil ki, bu gün ölkəmizdə korrupsiya halları var. Cənab Prezidentin özü də korrupsiyaya qarşı ciddi mübarizə aparır. Bunun bariz nümunəsi olaraq korrupsiyaya bulaşmış icra başçılarının həbsini və bununla bağlı ölkəmizdə baş verən bir çox islahatları göstərmək olar. 
Onu da əlavə edək ki, rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustanda 1995-ci ildə alınmış və Beyrək Hüseynovun atasına məxsus həyətyanı sahədə ötən ilin may ayında ev tikintisinə şifahi icazə verdiyi, şəxsən həyətə gələrək tikintiyə xeyir-dua verdiyi halda indi bu addımına qarşı çıxaraq evin tikintisi ötən ilin sentyabr ayında bitməsinə baxmayaraq A.Məmmədov qərəzli şəkildə oktyabr ayında vətəndaşın evinə məktub göndərərək tikintinin qanunsuz olduğunu və 800 manat cərimə olunduğunu bildirir. Bütün bunlar sadəcə söz azadlığının rayon rəhbərliyi tərəfindən pozulması hallarıdı.
Ümid edirik ki, cənab Prezidentin ölkəmizdə apardığı islahatlar yaxın günlərdə Qobustan rayonuna da şamil olunacaq. Rayon sakinlərinə qənim kəsilən icra başçısına qarşı ciddi tədbirlər görüləcək.


Oxunub: 116





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.