Azərbaycanı ucaldan 20 il

 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsində nə qədər haqlı olduğunun hər ötən il bir daha şahidi oluruq. Zaman göstərdi ki, Azərbaycanın Ümummilli Lider Heydər Əliyevdən və onun siyasi kursunu daha da inkişaf etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edən, ölkəmizi regionun ən inkişaf etmiş dövlətinə çevirən və dünyada etibarlı söz sahibi edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdən başqa nicat yolu yoxdur.

Qobustanxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Azərbaycanı ucaldan 20 il” məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, Azərbaycanın qazandığı uğurları gördükcə Ulu Öndər Heydər Əliyevin bu fikirləri yada düşür: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2020-ci il noyabrın 8-də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verən Müzəffər Ali Baş Komandan İlham Əliyev dedi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın, dünya azərbaycanlıları!” Prezident İlham Əliyevin Azərbaycan xalqına bu tarixi müraciətini Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdən 17 il ayırırdı.

Prezident İlham Əliyev bu illər ərzində səbirlə, ən uyğun məqamı gözləməklə Azərbaycanı addım-addım qələbəyə yaxınlaşdırdı. Azərbaycan Prezidenti bu illər ərzində dövləti və xalqı üçün dəyərli olan hər bir şeyi qorumaqla dünyada güclülərin ən güclüsünə çevrildi. Ən nəhayət, Azərbaycan xalqını, rəşadətli ordumuzu qələbəyə ruhlandıraraq 30 illik həsrətində olduğumuz dədə-baba torpaqlarımızı azad etdi, Türk-İslam dünyasına 200 ildən sonra qələbə gətirən Ali Baş Komandan oldu.

Müdrik Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində öz səsini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yola, əqidəyə verdi. Bununla da xalqımızın, dövlətimizin gələcək inkişafının müqəddəratı həll edildi.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, “Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam” kimi devizlərlə fəaliyyətə başlayan Prezident İlham Əliyev Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fəlsəfəsini əsas götürərək ilk olaraq Azərbaycan Respublikasının iqtisadi qüdrətini dirçəltməyə başladı. Dövlətimizin başçısı “İqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail olmaq olmaz” tezisinin əsasını qoymaqla 2003-cü ildən başlayaraq müasir, müstəqil və qalib Azərbaycanın strateji hədəflərini növbə ilə reallaşmağa başladı.

Xalqımızın xeyir-duası ilə fəaliyyətə başlayan İlham Əliyev prezidentliyinin 17-ci ilində ərazi bütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan zirvəsinə yüksəldi. Azərbaycan xalqı bir daha əmin oldu ki, 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin sirlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2003-cü il oktyabrın 15-dən başlayan fəaliyyətində və “Mən nəyi nə zaman, nə vaxt və necə edəcəyimi yaxşı bilirəm” fəlsəfəsində axtarmaq lazımdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə onilliklər boyunca işğal altında qalan əzəli torpaqlarımızı azad etməklə deyil, eyni zamanda, milli-mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, elm və təhsilimizi ən ali səviyyədə qorumaqla, müasir dünyanın tələbləri çərçivəsində inkişaf etdirməklə də qayğıkeş bir rəhbər oldu. Prezident İlham Əliyevin hər bir sahə ilə bağlı həyata keçirdiyi tədbirlər Ulu Öndərin ideyalarına əsaslanır.

Türk dünyasının böyük oğlu Heydər Əliyev həyatının bütün mərhələlərində məhz canı qədər sevdiyi Azərbaycana xidmət etmiş, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 10 ildə anda sədaqətin, Vətənə xidmətin Heydər Əliyev nümunəsini yaratmışdır. Onun nurlu yolunu yeni meyarlarla zənginləşdirərək davam etdirən Prezident İlham Əliyev regionda Azərbaycan Respublikasını qüdrətli, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə Ulu Öndərin arzularını reallaşdırdı.

Zaman göstərdi ki, 20 il öncə Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin prezident seçkilərinə 10 gün qalmış dahi Azərbaycan şairi və mütəfəkkiri Şeyx Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi, özünün də dediyi kimi, həyatında olduqca zəngin olan və rəmzi məna daşıyan digər hadisələr kimi, bu hadisə də heç də təsadüfi xarakter daşımırdı.

2021-ci il avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılışında dövlətimizin başçısı İlham Əliyevin çıxışında yer alan fikirlər onun 20 illik prezidentliyi dövrünün təsadüf olmayan rəmzi, əlamətdar hadisələrlə zəngin olduğunu bir daha təsdiq etdi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

İlahi qüdrətin Azərbaycan xalqına bəxş etdiyi İlham Əliyevin dünyaya gəldiyi, vətən eşqi ilə böyüyüb boya-başa çatdığı ailənin təməllərinin qoyulduğu gün də illər sonra Ulu Öndər Heydər Əliyevin vəsiyyəti ilə reallaşan ölkə əhəmiyyətli hadisələrdən biri kimi ikinci dəfə yenidən tarixilik qazanacaqdır ki, bu tarixilik Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Azərbaycan xalqının tarixən əldə etdiyi ən böyük qələbə günümüz, 8 Noyabr - Zəfər Günü ilə üst-üstə düşəcəkdir.

Ulu Öndər Heydər Əliyevin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva ilə qurduğu ailə xalqımızın müqəddəratını təyin edən, amin deyilən bir ailə olub. Halallıq, dürüstlük, yaşatmaq arzusu üzərində təməli qoyulan bu ailədə xalqımızın, dövlətimizin Ali Baş Komandanının böyüməsi, evlilik günlərinin gələcəkdə 44 günlük Vətən müharibəsindən doğan 8 Noyabr - Zəfər Gününə düşməsi bu ailənin ayrıca bir əsrarının meyarıdır. Dədəmiz Qorqudun ifadə etdiyi kimi “Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya”da bir gün Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva da əbədiyyətə qovuşdular, amma xeyirxah əməlləri ilə əbədi yaşayacaq əbədiyyətə.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında söylədiyi fikirlər Ulu Öndərin həyatının şəffaf su üzərindəki su kimi əksi, özüdür: “Ulu Öndərin həyat və fəaliyyəti fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır”.

Prezident İlham Əliyevin 2003-cü ildə jurnalistlərə müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabını bu kontekstdə xatırlamaq yerinə düşər. “Həm asan, həm də çətin... Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”.

Bu il oktyabrın 15-də Azərbaycanın qədim Xankəndi şəhərindən Müzəffər Ali Baş Komandan xalqa müraciətində 20 il əvvəl xalqın onu Prezident seçdiyini xatırlayaraq dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Azərbaycan Bayrağı bu gün ölkəmizin hər yerində dalğalanır. Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə Azərbaycan xalqının milli qürurunu, ləyaqətini özünə qaytardı. Azərbaycan Ordusu təqvimimizdə 20 rəqəmi ilə olan faciəli günlərimizin qisasını aldı və yeni milli qürur təqvimi yazdı. Beləliklə, 20 ilin yekununda torpaqlarımızın 20 faiz işğal faktoru tarixdən silindi. Milli qürurumuzun, istiqlalımızın başlanğıcı hesab edilən 20 Yanvar gününün ərazi bütövlüyü fonunda qeyd edilməsi, Qarakənd üzərində 20 noyabrda şəhid olan qəhrəmanlarımızın ruhunun rahatlıq tapmaları, uğrunda mübarizə apardıqları suverenliyimizin təmin edilməsi Prezident İlham Əliyevin Azərbaycan dövlətinə, xalqına bəxş etdiyi sevinc, qürur və səadətdir.

Dövlətimizin başçısı ilk gündən Azərbaycanın hərtərəfli inkişafını qarşısına əsas məqsəd qoyaraq “İnkişaf məqsədimizdir” məfkurəsi, ideyası ilə qalib xalq, qalib dövlət meyarını, standartını formalaşdırdı.


Oxunub: 47





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.