Bakıda kondisioner zavodu necə tikilib? – Əvvəl 25 milyon ayrılıb, sonra daha 100 milyon lazım olub


Kondisionerlərin yaranma tarixi 17-ci əsrə təsadüf etsə də, bu qurğunun məişətdə tətbiqi yalnız 20-ci əsrin əvvələrində gerçəkləşib. Bu müddətə qədər kondisionerlər yalnız istehsal müəssisələrində istifadə edilib. Bir çox hallarda isə kondisioner rütubətin aradan qaldırılması üçün nəzərdə tutulub.


Kondisionerlərin məişətdə ilk tətbiqi, otaqların soyuq hava axını ilə dəfə təmin edilməsi amerikalı mühəndis Uillis Karrierin adı ilə bağlıdır. 1902-ci ildə onun ixtira etdiyi qurğu Nyu-Yorkada Bruklin mətbəəsində quraşdırılıb. Qurğunun mətbəətdə yaratdığı sərin hava mətbəə işçilərini sözün əsl mənasında heyrətə gətirib. Amma soyuq yaradan maşın mətbəə işçilərinə rahatlıq gətirsə də, rütubəti aradan tam qaldırmaqla çap işinə problem yaradıb. Sonralar mühəndis ixtirasını təkmilləşdirərək bu problemi də aradan qaldırıb. Beləliklə də, məişətdə kondisionerlərin tətbiqi geniş vüsət almağa başlayıb. Artıq 1929-cu ildən Karrierin kondisionerləri kütləvi şəkildə satışa buraxılıb.


 

SSRİ-də kondisionerlər ilk dəfə 1930-cu illərdə peyda olub. Bu qurğular yalnız hərbi sənaye müəssisələrində, zavod və fabriklərdə, sualtı gəmilərdə, dövlət və hökumət qurumlarında istifadə edilib. Məişətdə kondisionerlərin istifadəsi isə kommunist ideologiyasına görə burjua elementi sayılıb. Hətta 1940-cı ildə texniki jurnalların birində məişət kondisionerlərin istifadəsinin vacibliyi haqqında məqalə dərc olunanda, Mərkəzi Komitə bu yazını burjua təbliğatı kimi qiymətləndirib.


Burjua təbliğatı öz yerində, amma zaman-zaman rəsmilər anlayıblar ki, sovet vətəndaşının rahatlığı üçün kondisioner həqiqətən də vacibdir. Düzdür, SSRİ-də 1960-cı illərdə Moskvanın Domododevo rayonunda və Nikolayev şəhərində kondisioner zavodları inşa edilib. Amma bu zavodlar yalnız sənaye kondisionerləri, aviasiya, sualtı gəmilər, raketlərin idarəetmə məntəqələri, rabitə qovşaqları üçün qurğular istehsal ediblər.


Məişət kondisonerləri istehsal edən zavodun inşası isə dəfələrlə SSRİ Nazirlər Sovetində müzakirəyə çıxarılsa da, bu məsələ valyuta probleminə görə 1970-ci ilə qədər öz həllini tapmayıb.


 

Nəhayət, 1970-ci ildə SSRİ-də məişət kondisionerləri zavodunun tikilməsi ilə bağlı məsələ reallaşmağa başlayıb. İlk müzakirələrdə zovudun Daşkənddə tikilməsi nəzərdə tutulub. Amma hələ bununla bağlı rəsmi qərar qəbul edilməyib. Həmin ərəfədə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kondisioner zavodunun Bakıda inşa edilməsi ilə bağlı Kremldə təklif irəli sürüb. Növbəti müzakirələrdə bu təklif qəbul edilib.


Uzun-uzadı hesablamalardan sonra SSRİ Nazirlər Soveti zavodun tikintisinə 25 milyon dollar vəsait ayırıb.


Maraqlı məqamlardan biri odur ki, vəsait ayrıldıqdan bir neçə ay sonra SSRİ elektrotexnika naziri Aleksey Antonovun təşəbbüsü ilə zavodun Ukraynada, Zaporojye şəhərində tikilməsi ilə bağlı rəsmi qərar çıxarılıb. Bu qərarı Antonov belə əsaslandırıb ki, Azərbaycan layihənin icrasının öhdəsindən gələ bilməyəcək. Bu dəfə məsələyə Leonid Brejnev müdaxilə edib. Baş katib Heydər Əliyevlə görüşdən sonra rəsmi qərarı ləğv etdirib: Zavod Bakıda tikiləcək.


Zavodun Bakıda inşa edilməsi problemi bununla da bitməyib. Avadanlıqların alınması üçün Amerika, Almaniya, İtaliya, Yaponiya şirkətləri ilə danışıqlar başlanıb. Bu ölkələrdən təklif olunan gözlənilməz məbləğlər, 120-150 milyon dollar civarındakı qiymətlər növbəti problemlər yaradıb. Məsələ yenidən baş katibin kabinetində müzakirəyə çıxarılıb. Sonralar Heydər Əliyev görüşlərinin birində həmin günləri belə xatırlayıb:


 


“O vaxt mərhum Brejnev məndən soruşdu ki, bilirsiniz, vaxt keçib, ancaq lazımdır ki, bu zavodun tikintisi 1975-ci ildə başa çatdırılsın, siz bunu təmin edə biləcəksinizmi?

Bu söhbət 1973-cü ildə gedirdi. Mən ona dedim ki, Sovet İttifaqının heç bir yerində bu zavodu 1975-ci ildə tikib təhvil verə bilməyəcəklər. Ancaq biz verəcəyik və mən buna söz verirəm. Bundan sonra yenə də maneələr başlandı. Bu maneələr nədən ibarət idi?

Avadanlıqları almaq üçün xarici ölkələrin firmaları ilə danışıqlar aparılırdı. O vaxt Amerikanın, Almaniyanın, İtaliyanın, Yaponiyanın firmaları ilə danışıqlar gedirdi. Biri 150 milyon dollar, biri 140 milyon dollar, biri 130 milyon dollar istəmişdi. Amma qəbul edilən qərarda cəmi 25 milyon dollar vəsait ayrılmışdı. Bu danışıqları aparanlar mənə dedilər ki, bilirsiniz, 25 milyon dollar ayrılıb, amma bunu 120 milyon dollardan aşağı qiymətə almaq mümkün deyil. Ona görə də bu zavodu tikmək mümkün olmayacaq. Dedim ki, gedin, sübut edin, ölkənin rəhbərlərinə deyin ki, bu həcmdə valyuta çatmır, 120 milyon dollar lazımdır. Dedilər ki, biz bunu edə bilmərik. Çünki qəbul edilmiş qərarı dəyişdirmək olmaz.


 


Bu vəzifə yenə də mənim üzərimə düşdü. Mən bunun üçün Moskvaya, mərhum Brejnevin yanına getdim.

Ona dedim ki, sizin göstərişləriniz yerinə yetirilmir. Təəccüb etdi ki, nə üçün? Dedim, qərar çıxartdınız, göstəriş verdiniz, amma yerinə yetirmirlər. Səbəb də budur: 25 milyon dollar ayırmısınız, mənə deyirlər ki, 100 milyon dollar da lazımdır. Məndə isə bir dollar da yoxdur, bunu siz verməlisiniz. Ona görə də qərarı dəyişməlisiniz. Dəhşətə gəldi. Dedi, bəs, belə şey olarmı, biz bu məsələni həll etmişik. Onun göstərişi ilə bir günün içərisində, 1973-cü ildə avadanlıqları Yaponiyanın “Toşiba” firmasından almaq üçün valyuta ayrıldı.


Bundan sonra işlər hərəkətə gəldi. Mən isə bir daha söz verdim ki, iki il içərisində, 1975-ci ilin dekabr ayında bu zavod tikilib başa çatacaq…”


 


Zavodun inşasına ümumi rəhbərlik həmin dövrdə Azərbaycan Nazirlər Sovetinin sədr müavini Əliş Ləmbərənskiyə həvalə edilib. Zavod iki il ərzində uğurla inşa edilib. Beləliklə, 1975-ci ilin dekabrında SSRİ-də ilk məişət kondisionerləri zavodu fəaliyyətə başlayıb.


Birinci il zavod 25 min qurğu istehsal edib. Sonralar bu rəqəm il ərzində 430 mini ötüb. Bakı Məişət Kondisionerləri Zavodunun məhsullarına həmişə büyük tələbat olub. Hər il Kubaya, Misirə, Avstraliyaya, İrana, Çinə və s. xarici ölkələrə 120-150 min kondisioner satılıb. Sovet vətəndaşları üçün isə bu kondisionerlər isti yay günlərində rahatlıq simvolu sayılıb.


Zavodda 7.5 min işçi çalışıb.


Bakıda istehsal olan kondisionerlər səsli və ölçüsü böyük olmasına baxmayaraq, istismar uzunömürlülüyünə görə digər xarici şirkətlərin istehsal etdiyi kondisionerləri üstələyib və ümumilkdə istər yerli, istərsə də xarici istifadəçilər Bakı kondisionerləri haqqında həmişə müsbət fikir söyləyiblər.


Oxunub: 84





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.