Daha bir universitetdə “Novruz Fest” keçirildi


Bakı Avrasiya Universitetində Novruz Festivalı keçirilib

 

Bakı Avrasiya Universitetindən TodayNews-a verilən məlumata görə, martın 19-da Bakı Avrasiya Universiteti, Bakı Avrasiya Kolleci, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Novruz Fest” adlı festival keçirilib.

Festivalda Azərbaycan xalqının qədimdən bu günə süzülüb gələn Novruz adət-ənənələrinə sadiq qalaraq, BAAU-nun Tələbə Gənclər Təşkilatı və  BAAK tərəfindən rəngarəng, gözoxşayan və Novruz nemətləri ilə bəzədilmiş süfrələr açılıb.

 

Tələbələr və tədbir iştirakçıları festivalda Novruzun adət-ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıblar, qızlar qulaq falına çıxıblar.

 

Tədbirdə musiqilər ifa edilərək, rəqs şouları nümayiş etdirilib. Tədbirdə Azərbaycan mədəniyyətinin incilərindən olan, xalq musiqimizi təbliğ edən milli davul-zurna qrupu, gənclərin sevimlisi olan “Aynaband” musiqi qrupu, gənc ifaçımız - VIII Televiziya Muğam Festivalının qalibi Həzrət Əzizli, səhnələrin və dinləyicilərin sevimlisi Cavidan Fatihi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti İsmayıl Məmmədov bir-birindən maraqlı çıxışlar ediblər.

 

Daha sonra Azərbaycan milli rəqslərindən ibarət rəqs proqramı tədbir iştirakçılarına təqdim edilib. Proqrama əsasən Mega rəqs qrupu və BAAU TGT-nin üzvləri olan gənc rəqqaslar tərəfindən müxtəlif rəqs şouları nümayiş etdirilib. Gənclərin əyləncəli vaxt keçirməsi üçün bir sıra maraqlı səhnəciklər də nümayiş etdirilib.

 

Tədbirin sonunda Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən 2024-cü ilin yanvar ayında başlanılmış “Mənim Prezidentim” adlı video müsabiqəsinin ilk üç yerinin qalibləri universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 

Tədbir xoş təəssüratlarla yadda qalıb.


 


Oxunub: 36





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.